Onurğa sütunu insan bədəninin əsas dayağı və “həyat sütunu” hesab olunur. Başdan ayağa qədər bütün hərəkətlərimizi, düzgün duruşumuzu və daxili orqanların normal fəaliyyətini təmin edən bu mürəkkəb quruluş həm də ən çox yüklənən sahələrdən biridir. Onurğa yalnız skelet sisteminin mərkəzi hissəsi deyil, həm də onurğa beynini qoruyan qalxandır. Bu səbəbdən onun sağlam qalması insanın ümumi həyat keyfiyyəti üçün həlledici rol oynayır.
Gündəlik həyatda iş, məişət və ya idman zamanı tez-tez ağır yük qaldırmağa ehtiyac yaranır. Çox vaxt insanlar bu prosesi düzgün etmədiklərindən xəbərsiz olur və nəticədə bel bölgəsinə həddindən artıq təzyiq düşür. Məhz bu səhv vərdişlər – beldən əyilməklə yük qaldırmaq, birdən-birə ağır yükü çiyin üzərinə götürmək və ya onu daşıyarkən bədəni fırlatmaq – onurğanın zədələnməsinə gətirib çıxarır.
Ən çox rast gəlinən fəsadlar bunlardır:
Bel ağrıları – əvvəlcə müvəqqəti narahatlıq kimi görünsə də, zamanla xroniki hala çevrilə bilər.
Fəqərəarası disk yırtığı (hernia) – fəqərələr arasındakı disklərin deformasiyası nəticəsində sinir köklərinə təzyiq yaranır və bu da güclü ağrı, hərəkət məhdudluğu və hətta iflic riski yaradır.
Sinir sıxılmaları – düzgün olmayan hərəkət sinir uclarının sıxılmasına səbəb olur, bu isə ayaqlarda keylik, gücsüzlük və digər nevroloji əlamətlərlə özünü göstərir.
Təəssüf ki, bir çox insan bu problemlərlə üzləşdikdən sonra həkimə müraciət edir. Halbuki, onları vaxtında sadə profilaktik qaydalara əməl etməklə asanlıqla önləmək mümkündür. Həkimlərin tövsiyə etdiyi “qızıl qaydalar” məhz gündəlik həyatımızda onurğanı qorumağın ən etibarlı yollarıdır.
Əyilərkən beldən deyil, dizlərdən bükülün.
Yükü qaldırarkən belinizi düz, qarın əzələlərinizi gərgin saxlayın.
Yükü bədəninizə yaxın tutun.
Yükü daşıyarkən belinizi fırlatmayın. Əgər istiqaməti dəyişmək lazımdırsa, bütün bədəni ayaqlar vasitəsilə döndərin.
Ağır əşyaları təkbaşına qaldırmaq əvəzinə, onları hissələrə ayırın və ya köməkçi şəxsdən istifadə edin.
Sürətli və qəfil hərəkətlər onurğa və əzələlərdə zədələnməyə səbəb ola bilər. Yükü yavaş-yavaş qaldırın və endirin.
Mütəmadi idman və xüsusi bel-qarın əzələlərini gücləndirən hərəkətlər onurğanın qorunmasında mühüm rol oynayır.
Araba, qaldırıcı qurğu və ya xüsusi bel kəmərlərindən istifadə etmək onurğanı əlavə yüklənmədən qoruyur.
Ümumi qaydaya görə, qadınların 10-12 kq-dan, kişilərin isə 20-25 kq-dan artıq yük qaldırmaması tövsiyə olunur.
Ağır yük qaldırarkən sadə görünən, amma həyati əhəmiyyət daşıyan bu qaydalar onurğanızı uzun illər sağlam saxlamağa kömək edəcək. Çox vaxt insanlar bel ağrısını “adi yorğunluq” hesab edərək əhəmiyyət vermirlər. Halbuki, hər səhv hərəkət onurğaya əlavə yük gətirir və zamanla kiçik narahatlıqlar ciddi xəstəliklərə – disk yırtığına, sinir sıxılmasına və hətta hərəkət imkanlarının məhdudlaşmasına səbəb ola bilər.
Unutmayaq ki, önləyici tədbirlər müalicədən daha asandır. Bu, yalnız tibbi bir prinsip deyil, sağlam həyatın qızıl qanunudur. Müalicə çox vaxt uzunmüddətli reabilitasiya, maddi xərclər və gündəlik həyat keyfiyyətinin azalması ilə müşayiət olunur. Halbuki, bir neçə sadə vərdişi həyatımıza tətbiq etməklə biz bu risklərin qarşısını ala bilərik: düzgün qaldırma texnikası, əzələlərin möhkəmləndirilməsi, bədən çəkisinə nəzarət və vaxtında istirahət.
Onurğa sağlamlığı hər kəs üçün prioritet olmalıdır – istər gündəlik ev işləri ilə məşğul olan bir evdar qadın, istərsə də işində tez-tez ağır yük qaldırmalı olan fəhlə. Çünki sağlam onurğa həm əmək qabiliyyətimizi, həm də ümumi həyat enerjimizi qoruyur.
Odur ki, hər dəfə ağır yük qaldırmazdan əvvəl bu sadə, amma mühüm qaydaları xatırlayın. Bu, gələcəkdə sizi ciddi fəsadlardan qoruyacaq və sağlamlığınızı təmin edəcək.
Sizin sağlamlığınız mənim naliyyətimdir!
Neyrocərrah Bəhruz Eyvazov