Mürəkkəb onurğa beyin patologiyaları arasında İntradural – Ekstramedullar Spinal Şişlər önəmli yer tutur. Bu tip şişlər onurğa beyin kanalı daxilində, dura materin daxilində, lakin medulladan xaricdə yerləşir. Xəstəlik müxtəlif nevroloji simptomlarla görünüş verə bilər və vaxtında diaqnostika olunmadıqda ciddi fəsadlara səbəb ola bilər.
Bu tip spinal şişlərin çoxu xoşxassəlidir və əsasən meningioma, schwannoma (nevrinoma) və ependimoma kimi növlərə ayrılır. Xəstəlik çox vaxt yavaş irəliləyir, lakin şişin böyüməsi sinir köklərinin və ya onurğa beyninin kompressiyasına səbəb ola bilər. Bunun nəticəsində hərəki və hissi funksiyalarda pozulmalar meydana gələ bilər.
İntradural - Ekstramedullar spinal şişlərin kliniki əlamətləri şişin yerləşdiyi nahiyəyə, ölçüsünə və sinir strukturlarına göstərdiyi təzyiqə bağlı olaraq dəyişir. Bu əlamətlər zamanla inkişaf edə bilər və ilkin mərhələdə xəstələr tərəfindən çox da ciddi qəbul olunmaya bilər. Lakin erkən diaqnostika şişin fəsadlarının qarşısını almaq üçün vacibdir. Aşağıda bu xəstəliyin əsas kliniki təzahürləri geniş şəkildə izah edilir:
Xroniki bel, boyun və ya bel-aşağı nahiyəsində ağrılar- Xəstələrin əksəriyyətində müşahidə olunur, ağrı şişin yerləşdiyi nahiyəyə uyğun olaraq bel, boyun və ya onurğanın digər hissələrində hiss oluna bilər. Başlanğıcda mülayim ola bilər, lakin zamanla güclənir. Uzun müddət dəyişməz qalan xroniki xarakter daşıyır. Bu ağrılar şişin böyüyərək onurğa beyni və ya sinir köklərinə təzyiq göstərməsi nəticəsində yaranır. Əzələlərin gərginləşməsi və sinir keçiriciliyinin pozulması ağrı sindromunu daha da gücləndirə bilər. Gecələr və ya hərəkət zamanı daha da güclənə bilər. Ağrı bəzən yaxın toxumalara (məsələn, qola və ya ayağa) yayıla bilər.
Hissiyyat pozğunluqları (örnəyi, paresteziya, keyləşmə)- Dərinin həssaslığında dəyişikliklər, iynələnmə və ya keyləşmə hissi, simmetrik və ya asimmetrik ola bilər, bədənin müxtəlif hissələrində - yuxarı və aşağı ətraflarda, bel və boyun nahiyəsində müşahidə edilir. Hissiyyat pozğunluqları sinir köklərinin sıxılması nəticəsində baş verir. Paresteziya (iynələnmə hissi), yanma, üşütmə və ya dəridə qəribə hisslər xəstələr tərəfindən tez-tez təsvir edilir. Bəzi hallarda isə tam keyləşmə və hissiyyat itkisi də (qarın və sinə nahiyəsində) yarana bilər.
Motor funksiyalarda azalma, gücsüzlük- Əzələlərdə zəiflik və reflekslərin azalması, hərəkət məhdudiyyətləri, əl və ayaqlarda süstlük hissi, gündəlik fəaliyyətlərdə çətinliklər (mərtəbə qalxmaq, əşyaları tutmaq və qaldırmaq) yarana bilər. Şiş sinir köklərinə və onurğa beyninə təzyiq göstərdikdə, ətraflara impuls ötürülməsi zəifləyir. Bu, əvvəlcə kiçik hərəkət pozğunluqları şəklində özünü göstərsə də, zamanla ciddi əzələ atrofiyasına (kütləsinin azalmasına) səbəb ola bilər (Duruş və balans problemləri).
Sidik və nəcisin saxlanmaması- Sidik qaçırma və ya tam əksinə, sidik saxlaya bilməmə, nəcis saxlamada çətinlik və ya qəbizlik, tualetə çıxma ehtiyacının tez-tez olması və ya tam əksinə, çətinlik çəkmə ola bilər. Onurğanın aşağı hissəsində yerləşən şişlər mərkəzi sinir sisteminin sidik kisəsi və bağırsaqları tənzimləyən sinirlərinə təsir göstərə bilər. Bu da xəstələrdə sidik və nəcis saxlamada problemlərə səbəb olur. Xüsusilə, bu əlamətlər müşahidə edildikdə dərhal nevroloq və ya neyrocərraha müraciət olunmalıdır, çünki bu simptomlar xəstəliyin artıq irəliləmiş mərhələdə olduğunu göstərə bilər.
Yerimə pozğunluğu- Koordinasiya problemləri və balans pozğunluğu, ayaqlarda süstlük, addım atarkən sürüşmə hissi, əlil arabasından istifadə ehtiyacı (xəstəliyin gec mərhələlərində) ola bilər. Şişlər onurğa beyninə təzyiq edərək hərəkət impulslarının ötürülməsini zəiflədir. Xəstələr yeriyərkən ayaqlarında süstlük hiss edə bilər, addımları qeyri-sabit ola bilər. Ağır hallarda yerimə tamamilə mümkünsüz ola bilər. Bu simptomlar tədricən inkişaf edə bilər, buna görə də hər hansı bir hərəkət məhdudiyyəti və ya gediş dəyişikliyi müşahidə edilərsə, dərhal həkimə müraciət edilməlidir.
Diaqnostika üçün əsas alətlər bunlardır:
Maqnit Rezonans Tomoqrafiya (MRT): Şişin lokalizasiyasını və strukturu müəyyən etməkdə ən effektiv metoddur;
Kompüyuter Tomoqrafiyası (KT): Şişin sümük strukturlarına təsirini qiymətləndirməkdə istifadə edilir;
Elektromioqrafiya (EMQ): Sinir köklərinin zədələnmə dərəcəsini müəyyən etməyə kömək edir.
İntradural - Ekstramedullar spinal şişlərin müalicəsi adətən cərrahi yolla aparılır. Şişin tam rezeksiya olunması nevroloji bəlirtlərin aradan qalxmasına imkan yarada bilər. Cərrahi əməliyyatdan sonra reabilitasiya dövrü vacibdir və fizioterapiya, reabilitasiya proqramlarına ehtiyac ola bilər. İntradural - Ekstramedullar spinal şişlər vaxtında aşkarlanıb müalicə olunduqda, xəstələrin çoxu normal həyatına davam edə bilər. Buna görə də, onurğa sıxışması və nevroloji əlamətlər müşahidə edildikdə dərhal nevroloq və ya neyrocərraha müraciət etmək məsləhətdir.
Onurğa beyin sağlamlığı ümumi həyat keyfiyyətini müəyyən edən əsas amillərdən biridir. Bu səbəbdən, hər hansı bir narahatlıq hiss etdikdə, vaxt itirmədən mütəxəssisə müraciət etmək vacibdir.
Sizin sağlamlığınız mənim naliyyətimdir!
Neyrocərrah Bəhruz Eyvazov