Disk Yırtığı: Gecikdirilmiş Cərrahi Əməliyyatın Nəticələri – MÜSAHİBƏ

Disk Yırtığı: Gecikdirilmiş Cərrahi Əməliyyatın Nəticələri – MÜSAHİBƏ

 

 

Onurğa sütununun sağlamlığı ilə bağlı problemlər, xüsusilə disk yırtığı, müasir dövrdə geniş yayılmış bir haldır. Xüsusən, vaxtında müalicə edilməyən və cərrahi müdaxilənin gecikdirildiyi hallarda sinir sisteminə təsiri ciddi fəsadlara gətirib çıxara bilər. Bu problem, xəstələr üçün yalnız fiziki ağrı deyil, həm də həyat keyfiyyətinin kəskin şəkildə azalması ilə nəticələnir. Bu mövzu ilə bağlı neyrocərrah Bəhruz Eyvazovun fikirlərini öyrənmək üçün onunla geniş bir müsahibə apardıq. Doktor Eyvazov disk yırtığının müalicəsi və cərrahi əməliyyatın əhəmiyyəti haqqında vacib məqamları bizimlə bölüşdü.

 

Jurnalist: Bəhruz həkim, disk yırtığı problemi ilə bağlı çoxsaylı məlumatlar var, lakin əməliyyat gecikdirildikdə baş verə biləcək fəsadlar haqqında daha geniş məlumat vermənizi istərdik. Niyə bu vəziyyətdə cərrahi əməliyyat vaxtında həyata keçirilməlidir?

Bəhruz Eyvazov: Disk yırtığı, fəqərəarasi diskin öz təbii sərhədlərini keçərək sinir köklərinə təzyiq etməsi nəticəsində yaranır. İlk mərhələlərdə biz adətən dərman müalicəsi və fizioterapiya kimi qeyri-invaziv üsullarla problemi həll etməyə çalışırıq. Lakin bəzi hallarda bu metodlar kifayət etmir və nevroloji defisitlər, yəni sinir zədələnmələri artır. Məsələn, xəstədə əzələ zəifliyi, uyuşma və hətta idrar və nəcis nəzarətində problemlər yaranarsa, cərrahi müdaxilə qaçınılmaz olur. Əməliyyat gecikdirilərsə, bu sinir defisitləri qalıcı ola bilər, yəni xəstə həmişəlik müəyyən funksional məhdudiyyətlərlə üzləşə bilər.

 

Jurnalist: Gecikdirilmiş əməliyyatın konkret hansı riskləri var?

Bəhruz Eyvazov: Ən böyük risk, nevroloji defisitlərin qalıcı olmasıdır. Sinir toxumalarının sıxılması nə qədər uzun sürərsə, onların bərpası bir o qədər çətin olur. Əgər xəstə uzun müddət bu vəziyyətdə qalarsa, əməliyyatdan sonra belə bəzi funksiyalar tam bərpa olunmaya bilər. Bundan əlavə, reabilitasiya dövrü də uzanır. Sinir toxumaları zədələndikcə xəstənin əzələ gücünü və funksionallığını geri qazanması daha çətin olur, nəticədə bərpa prosesi aylarla davam edə bilər.

 

Jurnalist: Cərrahi müdaxilə nə zaman mütləq olmalıdır?

Bəhruz Eyvazov: Əgər disk yırtığı ciddi nevroloji simptomlara səbəb olursa, yəni xəstə əl və ya ayaq əzələlərində zəiflik, idrar və ya nəcis kontrolunda çətinlik yaşayırsa, cərrahi müdaxilə gecikdirilməməlidir. Vaxtında əməliyyat sinir toxumalarına olan təzyiqi aradan qaldırır və nevroloji əlamətlərin daha da ağırlaşmasının qarşısını alır.

 

Jurnalist: Disk yırtığı üçün hansı əməliyyat metodları tətbiq olunur və bərpa prosesi nə qədər çəkir?

Bəhruz Eyvazov: Disk yırtığı zamanı ən çox tətbiq olunan əməliyyat, disk materialının sıxışan sinir köklərindən çıxarılmasıdır. Bu, sinirlərin təzyiqdən azad olmasına və xəstənin simptomlarının aradan qalxmasına gətirib çıxarır. Hazırda minimal invaziv cərrahi texnologiyalar daha geniş yayılıb. Bu üsulların üstünlüyü ondadır ki, əməliyyat kiçik kəsiklərlə aparılır və bərpa müddəti daha qısa olur. Əməliyyatdan sonra xəstə təxminən 2-6 həftə ərzində normal həyatına qayıda bilər, lakin bu dövr xəstənin vəziyyətindən və əməliyyatın mürəkkəbliyindən asılıdır.

 

Jurnalist: Reabilitasiya dövründə xəstələrə nə tövsiyə edirsiniz?

Bəhruz Eyvazov: Əməliyyatdan sonra reabilitasiya çox önəmlidir. Fizioterapevtik məşqlər əzələlərin gücləndirilməsinə və sinir toxumalarının bərpa olunmasına kömək edir. Həmçinin, xəstələrin həyat tərzində dəyişikliklər etməsi vacibdir – düzgün duruş qaydalarına riayət etmək, ağır qaldırmamaq və fiziki fəaliyyətləri tədricən bərpa etmək lazımdır. Bu prosesin düzgün aparılması xəstənin uzunmüddətli sağalmasına kömək edir.

 

Jurnalist: Çox sağ olun, Bəhruz həkim, dəyərli məlumatlarınız üçün.

Bəhruz Eyvazov: Təşəkkür edirəm. Xəstələr üçün vacib olan, problemi vaxtında dəyərləndirib müalicəni düzgün şəkildə həyata keçirməkdir. Sizin sağlamlığınız mənim naliyyətimdir!

back to top button