Neyrocərrahla onurğa sağlamlığı haqqında MÜSAHİBƏ

Neyrocərrahla onurğa sağlamlığı haqqında MÜSAHİBƏ

 

 

Onurğa sağlamlığı, gündəlik həyatımızda rahat və ağrısız hərəkət edə bilməyimiz üçün çox önəmlidir. Onurğamızın sağlamlığını qorumaq üçün hansı addımları atmalı olduğumuzu və bel yırtığının qarşısını almaq üçün nələr edə biləcəyimizi öyrənmək məqsədilə neyrocərrah Bəhruz Eyvazovla müsahibə etdik.

 

Müxbir: Sağlam onurğa əldə etmək üçün nə etmək lazımdır?

Bəhruz Eyvazov: İlk növbədə onurğanın ətrafında olan əzələləri möhkəmləndirmək vacibdir. Bura onurğanın arxasında yerləşən iki sütun əzələlər, yəni arxa və ön qrup əzələlər daxildir. Kürək, boyun və bel əzələlərini gücləndirmək üçün idmanla məşğul olmaq lazımdır. Ən travmasız idman növü üzməkdir. Bu, həm qamətimizi düzəldəcək, həm də əzələlərimizi inkişaf etdirəcək. Bununla da onurğamızın yaşlanmasını ləngitmiş olacağıq.

 

Müxbir: Onurğa qayğısına nə vaxt başlamaq vacibdir?

Bəhruz Eyvazov: Onurğa qayğısına uşaq yaşlarından başlamaq vacibdir. Uşaq vaxtı müəllimlərimiz bizə deyərdi ki, əyri oturmayın, düz oturun, bədəninizi düz saxlayın. Uşaq vaxtı bunu etməyəndə, 40 yaşına çatanda artıq gec olur. Uşaqları kiçik yaşlardan idmana yazdırmaq lazımdır və turniklə məşğul olmaq önəmlidir.

 

Müxbir: Bel yırtığı nədir?

Bəhruz Eyvazov: Bel yırtığı, onurğanın bel bölgəsindəki disklərin yerindən çıxması və sinirlərə təzyiq etməsi nəticəsində yaranan bir narahatlıqdır. Bu durum, bel ağrısı, ayaqlarda uyuşma və güc itkisi kimi simptomlara səbəb ola bilər. Bel yırtığı, yaşam keyfiyyətini ciddi şəkildə təsir edə bilər və doğru müalicə metodları ilə idarə edilməlidir.

 

Müxbir: Turnik asılmanın bel yırtığı üzərindəki faydaları nələrdir?

Bəhruz Eyvazov: Turnik asılma, onurğanın dekompresiyasını təmin edərək bel yırtığına yaxşı təsir göstərən bir məşq metodudur. Turnik asılma, onurğanın genişlənməsinə, disklərə düşən təzyiqin azalmasına, qan dövranının artmasına və əzələlərin güclənməsinə kömək edir. Ayrıca, bu məşq onurğanın elastikliyini artıraraq, hərəkət qabiliyyətini yaxşılaşdırır.

 

Müxbir: Turnik asılma məşqini tətbiq edərkən hansı məqamlara diqqət edilməlidir?

Bəhruz Eyvazov: Düzgün pozisiya, yavaş və nəzarətli hərəkətlər, qısa müddətlərlə başlamaq və məşqin müntəzəm tətbiqi vacibdir. Bədənin təbii bir pozisiyada olması və ani hərəkətlərdən qaçınmaq önəmlidir.

 

Müxbir: Qidalanmanın onurğa sağlamlığına təsiri nədir?

Bəhruz Eyvazov: Siqaret çəkmək onurğaya ziyan verir. Siqaret istifadə edənlərdə xırda damarlarda problemlər yaranır, qidalanma pozulur və disklərin elastikliyi azalır ki, bu da yırtığa səbəb olur. Həmçinin, alkoqoldan istifadə etmək və oturaq həyat tərzi də onurğa sağlamlığına mənfi təsir göstərir.

 

Müxbir: Sağlam həyat tərzinin təbliği üçün şəxsi təcrübənizdən nə paylaşa bilərsiniz?

Bəhruz Eyvazov: Mən siqaret çəkmirəm və alkoqoldan istifadə etmirəm. Səhər və axşam templə gəzmək, əzələləri inkişaf etdirmək üçün kifayətdir. Çəkinin maksimal dərəcədə az olması onurğa üzərinə düşən yükü azaldır. Oturaq həyat tərzindən uzaq durmaq da çox önəmlidir.

 

Müxbir: Təşəkkür edirik, doktor Bəhruz Eyvazov, dəyərli məsləhətləriniz üçün. Son olaraq, oxucularımıza nə demək istərdiniz? 

Bəhruz Eyvazov: Mən də təşəkkür edirəm! Sizin sağlamlığınız mənim nailiyyətimdir!

 

Neyrocərrah Bəhruz Eyvazovun məsləhətləri əsasında düzgün idman və qidalanma vərdişləri ilə sağlam onurğaya sahib ola bilərik. Sağlam həyat tərzini seçərək, daha rahat və ağrısız bir həyat yaşamaq mümkündür.

back to top button