"Onurğa həyatımızın sütunudur" – Dr. Bəhruz Eyvazovla MÜSAHİBƏ

 

 

Əsrin xəstəliklərindən sayılan onurğa problemləri günümüzdə getdikcə daha çox insanın həyat keyfiyyətinə təsir edir. Zamanla yaşlanma, avtomobil və məişət qəzaları, ağır fiziki işlər, travmalar, oturaq və azhərəkətli həyat tərzi, eləcə də genetik meyillik kimi faktorlar onurğa sütununda ciddi pozuntulara yol aça bilər. Bu pozuntular bəzən bel və boyun nahiyəsində kəskin ağrılar, əzələ zəifliyi, ətraflarda keyimə və hətta hərəkət məhdudiyyəti və ifliclə nəticələnən ağır fəsadlarla müşahidə olunur. İnsan orqanizminin dayaq sistemi kimi mühüm rol oynayan onurğa sütununun sağlamlığı birbaşa həyat fəaliyyətimizin keyfiyyəti ilə əlaqəlidir.

Müasir tibbin inkişafı nəticəsində onurğa xəstəliklərinin diaqnostikası və müalicəsində mühüm yeniliklər əldə olunmuşdur. Ənənəvi üsullarla nəticə alınmayan hallarda tətbiq olunan onurğa cərrahiyyəsi, xüsusilə də minimal invaziv üsullar və implant texnologiyalarının istifadəsi, minlərlə insana ümid olmuş, onları yenidən sağlam həyata qaytarmışdır.

Bu mövzu ilə bağlı baş və onurğa beyin cərrahı Bəhruz Eyvazovla söhbətləşdik. O, onurğa cərrahiyyəsinin tətbiqi halları, riskləri, müasir texnologiyalar və bu sahədə son yeniliklər barədə suallarımızı cavablandırdı.

 

Jurnalist: Bəhruz həkim, onurğa cərrahiyyəsi nə zaman zəruri olur və hansı hallarda tətbiq edilir?

Bəhruz Eyvazov: Onurğa cərrahiyyəsi adətən digər müalicə üsulları – dərman preparatları, fizioterapiya, manual terapiya və ya xüsusi idman proqramları – yetərli effekt vermədikdə və pasiyentin gündəlik həyatına mənfi təsir göstərən əlamətlər uzunmüddətli olaraq davam etdikdə tətbiq edilir. Əgər pasiyentdə bel və boyun nahiyəsində davamlı, intensiv və həyat keyfiyyətini ciddi şəkildə azaldan ağrılar müşahidə olunursa, həmçinin bu ağrılar ətraflara (qollara və ya ayaqlara) yayılırsa və uyuşma, karıncalanma, güc itkisi, əzələ zəifliyi kimi nevroloji əlamətlərlə müşayiət olunursa, cərrahi müdaxilə mütləq dəyərləndirilməlidir.

Onurğada qeyri-sabitlik – yəni fəqərələrin normal anatomik vəziyyətindən çıxaraq bir-birinə nisbətən hərəkət etməsi – bu bölgədə yerləşən sinir köklərinə təzyiq göstərərək ağrı və funksional pozğunluqlara səbəb ola bilər. Belə hallarda da cərrahiyyə zərurətə çevrilir.

Müalicə tələb edən vəziyyətlərə fəqərəarası disk yırtığı (yəni "qrija"), onurğa kanalının daralması (spinal stenoz), onurğada travmatik sınıqlar və zədələnmələr, iltihabi və ya onkoloji proseslər nəticəsində yaranan şişlər, skolioz (onurğanın yana əyilməsi), kifoz (önə əyilmə) kimi struktur pozuntular, eləcə də degenerativ disk xəstəlikləri daxildir.

Cərrahiyyənin məqsədi bu problemləri aradan qaldırmaq, onurğada stabilliyi bərpa etmək, sinirlərə olan təzyiqi aradan qaldırmaq və nəticədə pasiyentin ağrısız, aktiv və keyfiyyətli həyata dönməsini təmin etməkdir. Təbii ki, hər bir halda əməliyyata qərar verilməzdən əvvəl geniş diaqnostik qiymətləndirmə, MRT və KT müayinələri ilə xəstəliyin səbəbi və dərəcəsi dəqiqliklə təyin olunmalıdır.

 

 
Jurnalist: Onurğa əməliyyatlarında implantlar nə üçün istifadə olunur?

Bəhruz Eyvazov: İmplantlar onurğa cərrahiyyəsinin ən mühüm texniki komponentlərindən biridir və onların istifadəsi əməliyyatın məqsədindən, xəstəliyin növündən və pasiyentin fərdi anatomik xüsusiyyətlərindən asılı olaraq dəyişir. Bu implantlar onurğa sütununda sabitliyi təmin etmək, fəqərəarası məsafəni bərpa etmək, sinir köklərinə və onurğa beyninə olan təzyiqi aradan qaldırmaq, həmçinin strukturun deformasiyasını düzəltmək üçün tətbiq olunur.

Əsas məqsəd – onurğada stabilliyi bərpa etməklə yanaşı, sinir sisteminin qorunmasını və xəstənin hərəkət funksiyalarının saxlanılmasını təmin etməkdir. Bu implantlar xüsusi biouyğun materiallardan – adətən titandan, bəzən də paslanmayan tibbi poladdan və ya yüksək texnologiyalı polimer qarışıqlardan hazırlanır. Titan materialı həm yüngüllüyü, həm də bioloji uyğunluğu ilə seçilir və insan orqanizmi tərəfindən yaxşı qəbul olunur.

İmplantların növləri və funksiyaları müxtəlifdir. Məsələn:

  • Vida və çubuq sistemləri (screw-rod systems) fəqərələri bir-birinə sabitləmək, onurğada düzgün anatomik düzülüşü saxlamaq və ya bərpa etmək üçün istifadə olunur.

  • Kafeslər (cage) adlanan implantlar fəqərəarası disk boşluğuna yerləşdirilir və həmin nahiyədəki hündürlüyü, məsafəni bərpa edərək sinir köklərinin sıxılmasının qarşısını alır.

  • Plitələr (plates) xüsusilə boyun nahiyəsində və ya travmatik hallarda onurğanın sabitliyini gücləndirmək üçün tətbiq olunur.

  • Dinamik sistemlər isə onurğanın müəyyən hərəkət qabiliyyətini qorumaqla yanaşı, dəstək və sabitlik funksiyasını təmin edir.

Bəzi hallarda xüsusi hazırlanmış protezlər (süni disk əvəzediciləri) istifadə olunur ki, bunlar fəqərəarası diskin funksiyasını imitasiyaya edir və təbii hərəkəti mümkün qədər qoruyur. Bu, xüsusən gənc və aktiv pasiyentlər üçün üstünlük təşkil edir. Ümumilikdə, bu texnologiyaların tətbiqi sayəsində pasiyentlər daha qısa müddətdə reabilitasiya olunur, əvvəlki hərəkət azadlıqlarına və həyat keyfiyyətlərinə daha tez qayıda bilirlər. Lakin implant seçimi həmişə individual yanaşma tələb edir və təcrübəli onurğa cərrahı tərəfindən ətraflı analiz olunaraq qərar verilməlidir.

 

Jurnalist: İmplant qoyulması pasiyentin gündəlik həyatını necə dəyişir?

Bəhruz Eyvazov: Əməliyyatdan əvvəl, xüsusən ağır ağrılar və hərəkət məhdudiyyətləri ilə yaşayan pasiyentlər çox vaxt gündəlik fəaliyyətlərini yerinə yetirməkdə çətinlik çəkirlər. Bəzi hallarda, sadəcə ağrıkəsicilər və digər konservativ müalicə üsulları ilə vəziyyət idarə olunur, lakin bu, yalnız müvəqqəti bir həll təmin edir və problemin kökünü həll etmir. Pasiyentlərdə bu vəziyyət, xüsusilə uzun müddət oturmaq, yerimək, ev işləri görmək və ya bəzən sadə fiziki fəaliyyətlər belə böyük ağrılara səbəb ola bilir.

İmplantla müdaxilə edildikdən sonra isə vəziyyət əhəmiyyətli dərəcədə dəyişir. Bu, onurğa sütununda düzgün quruluşu bərpa edir və əzələ və sinir sisteminə olan təzyiqi azaldır. Bu, pasiyentlərdə ağrıları aradan qaldırır və ya ən azı, onları çox azaldır. Bərpa olunan sabitlik və struktur dəstəyi sayəsində pasiyentlər qısa müddətdə gündəlik fəaliyyətlərinə qayıda bilirlər – oturmaq, yerimək, ayağa qalxmaq, hətta əvvəlki dövrlərdə çətinlik çəkdikləri fiziki hərəkətləri belə asanlıqla həyata keçirə bilirlər.

Bununla yanaşı, əməliyyat sonrası reabilitasiya prosesi çox önəmlidir. Bu dövr ərzində pasiyent yalnız ağrılardan azad olmur, həm də onurğanın və əzələlərin düzgün işləməsini təmin etmək üçün fiziki terapiya, məşqlər və həkim nəzarəti vacibdir. Reabilitasiya dövrü, həmçinin onurğanın implantın dəstəyi ilə yenidən funksional vəziyyətə gəlməsinə, düzgün duruş və hərəkət qabiliyyətinin bərpasına kömək edir. Bəzən pasiyentlər reabilitasiya dövrünün tez bitəcəyini düşünərək, ağır fiziki fəaliyyətlərə erkən keçirlər ki, bu da bəzən ciddi nəticələrə yol aça bilər. Həkim nəzarəti və düzgün məşq proqramı ilə, uzunmüddətli uğurlu nəticələr əldə etmək mümkündür.

Əməliyyatdan sonra pasiyentin rahatlığı və sağlamlığı yalnız tibbi müdaxilənin keyfiyyəti ilə deyil, həm də bərpa və reabilitasiya prosesinin düzgün idarə olunması ilə əlaqədardır. Həkimin göstərişlərinə riayət etmək və mütəmadi olaraq təlimat alaraq, pasiyentlər həyat keyfiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərlər.

 

Jurnalist: Onurğa cərrahiyyəsi risklidirmi və pasiyentlər nədən çəkinməlidir?

Bəhruz Eyvazov: Hər bir cərrahi əməliyyat kimi, onurğa cərrahiyyəsi də müəyyən risklər daşıyır: infeksiya, qanaxma, sinir zədələnməsi və ya implantın yer dəyişməsi mümkündür. Amma təcrübəli cərrah və düzgün protokolla bu risklər minimuma endirilə bilər. Pasiyentlərin diqqətli olması, həkim göstərişlərinə tam əməl etməsi, düzgün reabilitasiya alması çox önəmlidir. Əməliyyatdan sonra bəzən pasiyentlər özlərini yaxşı hiss etdikdə dərhal ağır fiziki yüklənmələrə keçirlər – bu, təhlükəlidir.

 

Jurnalist: Son illərdə texnologiyanın inkişafı onurğa cərrahiyəsinə hansı yenilikləri gətirib?

Bəhruz Eyvazov: Bu sahədə texnologiya olduqca sürətlə inkişaf edir. Artıq minimal invaziv texnikalarla, yəni çox kiçik kəsiklərlə, daha az qan itkisi və daha tez sağalma ilə əməliyyatlar icra olunur. İnteqrasiya olunmuş naviqasiya sistemləri, robotik cərrahiyyə, 3D planlaşdırma və fərdi ölçülərə uyğun implantlar bu sahədə inqilabi dəyişikliklər yaradır. Bu texnologiyalar əməliyyatın dəqiqliyini artırır və riskləri azaldır.

 

Jurnalist: Onurğa sağlamlığını qorumaq üçün insanlar nələrə diqqət etməlidir?

Bəhruz Eyvazov: Onurğa sağlamlığı üçün düzgün duruş, oturmaq və əyilmək qaydalarına əməl etmək, müntəzəm fiziki fəaliyyət, artıq çəkidən uzaq durmaq çox vacibdir. Xüsusən kompüter və telefonla uzun müddət işləyənlərdə boyun və bel nahiyəsində ciddi pozuntular meydana çıxa bilər. Uşaqlarda isə məktəb çantalarının ağırlığı, düzgün oturmamaq və az hərəkətlilik gələcəkdə ciddi fəsadlar yarada bilər.

 

Jurnalist: Son olaraq, nəyi vurğulamaq istərdiniz?

Bəhruz Eyvazov: Onurğa həyatımızın sütunudur – həm fiziki, həm də funksional baxımdan. Onun sağlamlığına diqqət yetirmək vaxtında atılacaq bir addım, gələcəkdə bizi böyük problemlərdən qoruyar. Əgər davamlı ağrılar, uyuşmalar, hərəkət məhdudiyyəti hiss edirsinizsə, həkimə müraciət etməyi gecikdirməyin. Unutmayın, sağlamlıq – hər şeydən öncədir.

 

Jurnalist: Təşəkkür edirik, Bəhruz həkim. Verdiyiniz ətraflı və maarifləndirici məlumatlara görə minnətdarıq.

Bəhruz Eyvazov: Mən təşəkkür edirəm. İnsanlara faydalı ola bildimsə, nə xoş mənə. Sizin sağlamlığınız mənim nailiyyətimdir!

back to top button