“Beyin atrofiyası: bu proses geri dönməz ola bilər” - MÜSAHİBƏ/ VİDEO

“Beyin atrofiyası: bu proses geri dönməz ola bilər” - MÜSAHİBƏ/ VİDEO

 

Baş və onurğa beyin cərrahı Bəhruz Eyvazovla müsahibə

Müasir dövrdə nevroloji xəstəliklərin artması, həyat tərzimizdəki dəyişikliklər və stres faktorları beyin sağlamlığını ciddi şəkildə təhdid edir. Ən təhlükəli və diqqətdən yayınan proseslərdən biri də beyindəki gizli dəyişikliklər – atrofiya və hidrosefaliya kimi xəstəliklərdir. Bu vəziyyətlər tədricən inkişaf etsə də, nəticələri insan həyatında dərin izlər buraxa bilər. Bu mövzularda daha geniş məlumat almaq üçün təcrübəli və tanınmış baş və onurğa beyin cərrahı, nevrocərrah Bəhruz Eyvazovla həmsöhbət olduq. Həkim həm hidrosefaliya, həm də beyin atrofiyasının səbəbləri, simptomları və müalicə yolları barədə ətraflı məlumat verdi.

 

Jurnalist: Bəhruz həkim, beyin atrofiyası nədir və bu proses hansı hallarda müşahidə olunur?

Bəhruz Eyvazov: Beyin atrofiyası – sadə dillə desək – beynin hüceyrələrinin və neyronlararası əlaqələrinin tədricən itməsidir. Beyin atrofiyası - və ya serebral atrofiya - neyron adlanan beyin hüceyrələrinin itirilməsidir. Atrofiya həmçinin hüceyrələrin əlaqə saxlamasına kömək edən əlaqələri məhv edir. Bu, insult və Alzheimer xəstəliyi də daxil olmaqla, beynə zərər verən bir çox müxtəlif xəstəliklərin nəticəsi ola bilər. Bu proses nəticəsində beyin toxuması kiçilir, beyindəki funksional sahələr zəifləyir və fərqli nevroloji əlamətlər ortaya çıxır. Atrofiya həm ümumi ola bilər – yəni bütün beyin sahələrini əhatə edir – həm də lokal, yəni beynin müəyyən sahələrində baş verir. Ən çox yaşlı insanlarda rast gəlinir və bu, qocalıqla əlaqəli təbii dəyişiklik kimi də qiymətləndirilə bilər. Amma bəzi hallarda bu, patoloji xarakter daşıyır və müxtəlif xəstəliklər, zədələr və ya genetik faktorlar nəticəsində yaranır.

 

Jurnalist: Beyin atrofiyasının başlıca səbəbləri nələrdir?

Bəhruz Eyvazov: Səbəblər olduqca müxtəlif ola bilər. Ən geniş yayılmış olanlar bunlardır:

  • Alzheymer xəstəliyi və digər demensiya formaları – Bu zaman beynin yaddaş, düşüncə və davranışla əlaqəli sahələri zədələnir.

  • İnsult – Beynin müəyyən hissəsinə qan getmədikdə o bölgədə hüceyrələr məhv olur və atrofiya yaranır.

  • Travmatik beyin zədələnmələri – Xüsusilə uzunmüddətli və müalicəsiz qalan travmalar nəticəsində.

  • Alkoqolizm və zərərli vərdişlər – Uzunmüddətli spirtli içki qəbulu sinir hüceyrələrinin ölümünə səbəb olur.

  • Qidalanma pozğunluqları və B12 vitamini çatışmazlığı – Sinir toxumasının normal funksiyasına mane olur.

  • İnfeksiyalar – Məsələn, ensefalit və ya HIV kimi bəzi infeksiyalar da beyində degenerativ proseslərə səbəb ola bilər.

 

Jurnalist: Bu prosesin nəticələri və simptomları nədən ibarətdir?

Bəhruz Eyvazov: Beyin atrofiyasının nəticələri onun dərəcəsindən və beynin hansı sahəsinə təsir etdiyindən asılıdır. Ən geniş yayılmış əlamətlər bunlardır:

  • Yaddaş pozğunluğu və intellektual geriləmə – Xüsusilə yaşlı insanlarda ilk əlamətlərdən biridir.

  • Danışıq və ifadə çətinliyi – Söz tapmaqda çətinlik, nitqin anlaşılmaz olması.

  • Koordinasiya və hərəkət problemləri – Xüsusilə beyincik atrofiya olarsa, yeriş pozulur, tarazlıq itir.

  • Şəxsiyyət dəyişikliyi və emosional qeyri-sabitlik – İnsanın davranışlarında və emosional reaksiyalarında dəyişikliklər meydana gəlir.

  • Sidik saxlaya bilməmək və sosial davranış pozuntuları – Daha irəliləmiş hallarda müşahidə olunur.

Bəzi hallarda bu simptomlar tədricən, bəzən isə sürətlə inkişaf edir. Təəssüf ki, beyin atrofiyası adətən geri dönməz bir prosesdir. Ancaq vaxtında müdaxilə olunarsa, gedişat yavaşladılıb həyat keyfiyyəti qoruna bilər.

 

Jurnalist: Bu vəziyyətin qarşısını almaq və ya prosesin sürətini azaltmaq mümkündürmü?

Bəhruz Eyvazov: Bəli, tamamilə qarşısı alınmasa da, bəzi preventiv tədbirlər və sağlam həyat tərzi sayəsində atrofiyanın inkişafı yavaşladılır:

  • Zehni aktivlik – Kitab oxumaq, yeni biliklər öyrənmək, yaddaş oyunları ilə məşğul olmaq.

  • Fiziki aktivlik – Gündəlik gəzintilər və sadə idman beyin qan dövranını yaxşılaşdırır.

  • Sağlam qidalanma – Omeqa-3 yağ turşuları, B qrupu vitaminləri ilə zəngin pəhriz.

  • Spirtli içkilərdən uzaq durmaq, siqaret çəkməmək.

  • Xroniki xəstəlikləri nəzarətdə saxlamaq – Hipertoniya, şəkərli diabet və ürək-damar xəstəlikləri ilə mübarizə aparmaq.

  • Daimi tibbi nəzarət və simptomların erkən aşkarlanması da çox vacibdir.

 

Jurnalist: Təşəkkür edirəm, Bəhruz həkim. Bu dəyərli məlumatlar üçün minnətdarlığımı bildirirəm.

Bəhruz Eyvazov: Mən təşəkkür edirəm. Ümid edirəm ki, bu mövzu barədə məlumatlılıq artar və insanlar həm özlərinin, həm də yaxınlarının sağlamlığına daha ciddi yanaşarlar. Sizin sağlamlığınız mənim naliyyətimdir!

 

back to top button