Onurğa dartmaları və Manual Terapiyanın Riskləri: AÇIQLAMA / VİDEO

Onurğa dartmaları və Manual Terapiyanın Riskləri: AÇIQLAMA / VİDEO

 

Onurğa sağlamlığı insanın ümumi həyat keyfiyyətini və gündəlik fəaliyyətini birbaşa təsir edir. Son illərdə geniş yayılan onurğa dartmaları, bel çəkmələri və sklet dartmaları çox insanın müraciət etdiyi alternativ müalicə üsullarından biri olsa da, bu prosedurların real təsiri və yaratdığı risklər hələ də geniş ictimaiyyət tərəfindən tam bilinmir. Baş beyin və onurğa cərrahı Dr. Bəhruz Eyvazov bu mövzuda əhəmiyyətli açıqlamalar verərək, xəstələri düzgün yanaşmaya çağırır.

 

Onurğa dartmaları və bel çəkmələri disk yırtığını müalicə edə bilərmi?

Cəmiyyət arasında yayılan geniş yanlış inanclardan biri də onurğa dartmalarının və manual terapiyanın fəqərəarası disk yırtığını sağalda bilməsi fikridir. Dr. Bəhruz Eyvazov bildirir ki, heç bir dartma və bel çəkmə proseduru yırtıq problemlərini müalicə edə bilməz. Bu cür metodlar yalnız müəyyən hallarda qısa müddətli rahatlıq verə bilər. Xüsusilə, xəstənin disk yırtığı yox, fəqərəarası diskin qabarma (protruziya) problemi varsa və bu vəziyyət gərgin işdən sonra yaranan bel ağrıları ilə müşayiət olunursa, o zaman yüngül dartmalar əzələni rahatladaraq qismən kömək edə bilər.

Lakin kəskin bel ağrıları və irəliləmiş fəqərəarası disk yırtığı olan xəstələr üçün bu cür prosedurlar ciddi risklər daşıyır. Yanlış icra edilən bel dartmaları, qeyri-peşəkar manual terapiya müdaxilələri xəstənin vəziyyətini daha da ağırlaşdıraraq cərrahi əməliyyata məcbur edəcək nəticələrə gətirib çıxara bilər.

 

Onurğa və bel problemləri olan xəstələrə nə tövsiyə olunur?

Dr. Bəhruz Eyvazov bildirir ki, bel ağrılarından əziyyət çəkən xəstələr dərhal onurğa dartmaları və bel çəkmələrinə üz tutmamalıdır. Əksinə, ilkin mərhələdə bu addımları atmaq daha məqsədəuyğundur:

  • İlk 48 saat sakitlik və istirahət: Əzələlərin gərginliyini azaltmaq üçün müvəqqəti sakitlik və istirahət etmək tövsiyə olunur.
  • Qeyri-steroid iltihab əleyhinə dərmanlardan istifadə: Həkim məsləhəti ilə ağrıkəsici və iltihabəleyhinə dərmanlar qəbul edilə bilər.
  • Müayinə və diaqnoz: Hər bel ağrısı yırtıq demək deyil və hər yırtıq da əməliyyat tələb etmir. Düzgün diaqnoz üçün həkimə müraciət etmək vacibdir.
  • Fiziki terapiya və idman: Peşəkar nəzarət altında yerinə yetirilən fiziki terapiya, düzgün məşqlər və ortopedik yanaşmalar daha sağlam nəticələr verir.

 

Yanlış müdaxilələr nə kimi fəsadlara səbəb ola bilər?

Manual terapiya və qeyri-peşəkar dartmaların bəzi hallarda xəstələrin vəziyyətini ağırlaşdırdığı müşahidə olunur. Bunlara daxildir:

  • Onurğa kanalının daralması (stenoz)
  • Onurğanın qeyri-sabitliyi və fəqərələrin yerindən sürüşməsi
  • Sinir sıxılması və artan ağrılar
  • Kəskin bel travmaları və diskin tam yırtılması

 

Bu səbəbdən Dr. Bəhruz Eyvazov xəstələri onurğa problemlərinə qeyri-peşəkar yanaşmamağa, həkimlə məsləhətləşmədən ciddi müdaxilələr etməməyə çağırır: "Onurğa sağlamlığı uzunmüddətli prosesdir və düzgün yanaşma ilə daha yaxşı nəticələr əldə etmək mümkündür. Unutmayın, hər hansı bel ağrısı yaşadıqda və ya onurğa problemi ilə qarşılaşdıqda mütəxəssisə müraciət etmək ən doğru addımdır. Onurğa dartmalarına və manual terapiyaya aldanmadan, diaqnoz və effektiv müalicə üçün peşəkar yardım almaq tövsiyə edilir".

 

Bel yırtığından qorunmaq üçün məsləhətlər
  • Onurğa əzələlərinizi gücləndirən məşqlər edin.

  • İdeal çəkinizi qoruyun, artıq çəki yırtıq riskini artırır.

  • Siqareti tərgidin, çünki bel ağrıları ilə əlaqəli ola bilər.

  • Oturarkən beli dəstəkləyin, alçaq və ya yüksək oturacaqlardan çəkinin.

  • Yatağa düz uzanmaq yerinə, əvvəl oturub yan dönərək uzanın.

  • Yerdən əşya götürərkən beli deyil, dizləri bükərək çöməlin.

  • Ağırlıq daşıyarkən iki əlinizə bərabər paylayın.

  • Yüksək dikdaban ayaqqabılardan uzaq durun.

  • Uzun müddət oturmaqdan və hərəkətsizlikdən qaçının.

  • Stressi azaldın, çünki stress əzələ gərginliyini artıraraq bel yırtığı riskini yüksəldə bilər.

 

Daha ətraflı məlumat və onurğa sağlamlığınızla bağlı suallarınız üçün Dr. Bəhruz Eyvazova müraciət edə bilərsiniz.

 

 

Sizin sağlamlığınız mənim naliyyətimdir!

Neyrocərrah Bəhruz Eyvazov

back to top button