Fəqərə arası disk yırtığı
Disk yırtığı - Dayaq hərəkət sistemin ən çox rast gəlinən xəstəliklərindən hesab olunur. Əsasən onurğanın yük daşıyan bölgələrində - bel sonra isə boyun nahiyəsində rast gəlinir. Səbəbləri müxtəlif faktorlar ola bilər: Ağırlıq qaldırma, düzgün olmayan qamət, travma, əzələ korsetinin zəif inkişaf etməsi, artıq çəki, yaşlanma ilə əlaqədar onurğadakı degenerativ dəyişikliklər və s. En çox 30-60 yaşlarında, daha çox kişilərdə rast gəlinir.
Disk yırtığının əmələ gəlmə mexanizm
Onurğa sütunu fəqərələrdən və onların arasında yerləşən amartizator funksiyası yerinə yetirən disklərdən ibarətdir. Fəqərə arasi disk fibroz həlqədən və pulpoz nüvədən ibarətdir.
Əsas amartizator rolu oynayan jelatinəbənzər pulpoz nüvə sıx kollagen liflərdən təşkil olunmuş fibroz həlqə ilə əhatə olunmuşdur. Yuxarıda qeyd olunan faktorlar səbəbinden pulpoz nüvədə degenerativ dəyişiklik əmələ gəlir. Belə ki jelatinebənzər pulpoz nüvə konsistensiyasını dəyişərək qığırdaq xarakteri alır və öz amartizator funksiyasını itirir. Beləliklə hər fəqərəarasi diskə düşən yük artdiqca fibroz həlqənin gəlirməsi əmələ gəlir. (şəkil1).
Əvvəlcə protruziya dediyimiz qabarma əmələ gəlir. Bu hal davam edərsə fibroz həlqənin yırtılması baş verir və qığırdaq halını almış pulpoz nüvə onurğa kanalına doğru yerini dəyişərək sinirlərin sıxılmasına səbəb olur. Bu hala fəqərəarası disk yırtığı deyilir. Bəzən disk yırtığı bir kütlə şəkilində sərbəst çıxaraq onurğa kanalında bir neçə sinirləri sıxaraq daha ciddi simptomlara səbəb ola bilir ki bu hal sekvestirasiya adlanır. (şəkil 2).
Disk yırtığının əlamətləri
Fəqərə arası disk yırtığın simptomları yırtığın yeri,sinirin və onurğa beyinin sıxılma dərəcəsindən eləcə də onun ölçüsündən asılıdır. Fəqərə arası disk yırtığı sinirin və ya onurğa beyinin kompressiyasına səbəb olmursa onda boyunda və bel nahiyyəsində ağrı ola bilər. Yırtığın onurğa beyinə və ya sinirə təzyiqi varsa, təzahürləri arasında ağrı, keylik, əzələlərdə zəiflik, yerişin pozulması, çanaq üzvlərin funksiyasının pozulması aşkarlana bilər. Fəqərə arası disk yırtığın əlamətləri disklərin səviyyəsinə görə fərqli əlamətlər verə bilir. (şəkil 3,4)
Yırtıqlar adətən bir tərəfdən çıxaraq siniri sıxdığı üçün əlamətlər bir tərəfli olurlar. Boyun nahiyyəsində müvafiq sinirin innervasiya etdiyi zonada ağrı və keylik, qollarda zəiflik, gücün azalması, yırtıq böyük olarsa onurğa beyini sıxaraq qan dövranını pozub daha ciddi əlamətlər bütün ətraflarda zəiflik, keylik, yerişin pozulması, çanaq üzvlərin funksiyasının pozulmasi (sidik ifrazının və defekasiya aktının) verə bilir ki, bu hal Servikal mielopatiya adlanır. Belə xəstələrin cərrahi əməliyyatdan sonra reabilitasiyasi da uzun çəkir. Bel nahiyyəsində isə müvafiq sinirin innervasiya etdiyi zonada ağrı və keylik (şəkil 4), ayaqda və ya pəncədə zəiflik, yerişin pozulmasi, yırtıq böyük olarsa bir neçə sinirin sıxılması ola bilir ki (cauda equina syndrome - at quyruğu sindromu) bu da sidik ifrazinin pozulması, hər iki ayaqda zəiflik, pəncədə iflic, cinsi zəiflik kimi hallara gətirib çıxarır. Ağrılar gecələr daha çox kəskinləşir. Xəstələr ağrıları azaltmaq ücün məcburi vəziyyət alırlar. Bəzən ağrılar səbəbindən yana doğru əyilirlər ki buna antalgik skalioz deyilir.
Diaqnostikası
Fəqərə arası disk yırtıqların diaqnozu MRT və KT müayinəsi ilə qoyulur. Müalicəsində xəstənin əlamətləri üstünlük təşkil edir.
Müalicəsi
Fəqərə arası disk yırtıqların müalicəsi dərman, fizioterapevtik və cərrahi yolladır. Dərman müalicəsində steroid ve qeyri-steroid iltihab əleyhinə dərmanlar, əzələ yumşaldıcılar, sinir keçiriciliyini yaxşılaşdıran dərmanlardan istifadə edilir. Əgər aparılmış konservativ müalicələr 1 aya qədər effekt vermirsə onda cərrahi əməliyyat barəsində düşünmək lazımdır. Effekt verirsə fizioterapevtik proseduralar başlanmalıdır. Bəzi hallarda boyun nahiyyəsində servikal mielopatiya əlamətləri və bel nahiyyəsində cauda equina syndrome əmələ gələrsə cərrahi əməliyyatın təxirəsalınmaz olması məsləhətdir. Gecikdirilmiş cərrahi əməliyyat bəzi əlamətlərin sonradan qalması və reabilitasiya dövrünün uzun olmasına səbəb olur. Cərrahi müalicəsi mikroskopik və endoskopik yolla icra edilir. Ən çox yayılmış Mikroskopik cərrahiyyədir (mikrodiskektomiya). Bu əməliyyatdan bir gün sonra xəstə ayağa qaldırılıb gəzdirilir, həmin gün və ya digər günü evə yazılır. (şəkil 5,6,7)
Cərrahi əməliyyatdan sonra disk yırtığın yenidən əmələ gəlməsi (residivi) mümkündür. Bu səbəbdən xəstələrə orqanizmdən aslı olaraq müyyən müddət qoruyucu rejim məsləhət görülür.