ASAN TV və ASAN Radio-da yayımlanan “Asan Status” maarifləndirici verilişinin növbəti buraxılışı bu dəfə müasir dövrün aktual problemlərindən biri olan insanın psixoloji vəziyyəti və informasiyanın insan sağlamlığına təsiri mövzusuna həsr olunub. Müasir texnologiyalar, informasiya bolluğu, sosial şəbəkələrin təsiri və bu təsirlərin insanın zehni və emosional vəziyyətində yaratdığı fəsadlar verilişdə elmi və praktiki yanaşma ilə geniş şəkildə şərh edilib.
Verilişin aparıcısı – fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub müzakirələri dərin fəlsəfi və sosioloji təhlillərlə yönləndirərək, informasiya əsrində yaşayan insanın gündəlik həyatında qarşılaşdığı çətinliklərə fəlsəfi prizmadan yanaşma sərgiləyib. O, müasir insanı texnologiyanın təsiri altında yaşayan, davamlı informasiya axınına məruz qalan və bununla bağlı emosional gərginlik yaşayan bir varlıq kimi xarakterizə edib.
Verilişin qonağı tanınmış neyrocərrah, baş və onurğa beyin cərrahı, uşaq neyrocərrahiyyəsi üzrə mütəxəssis Bəhruz Eyvazov isə məsələni tibbi və elmi aspektdən şərh edərək, informasiyanın insan beyninə, sinir sisteminə və ümumilikdə psixoloji sağlamlığa birbaşa və dolayısı ilə təsirlərindən bəhs edib. O, gündəlik həyatda stress, qorxu və təşvişin əsas səbəblərindən birinin məhz informasiya həddindən artıq yüklənməsi olduğunu vurğulayıb. Həkim bildirir ki, xüsusilə sosial şəbəkələrdə yayılan neqativ məzmun, insanlarda psixoloji narahatlıq yaradır, əsəb sisteminə mənfi təsir edir və bu da kortizol və adrenalin hormonlarının səviyyəsini artıraraq, orqanizmi daimi “döyüş rejiminə” salır. Belə bir vəziyyət isə insanın ümumi ömrünü qısaldır, həyat keyfiyyətini azaldır.
Verilişdə hər iki mütəxəssis – fəlsəfə və tibb elminin təmsilçiləri – müasir insanın psixoloji yüklənməsinin qarşısını almaq üçün praktik tövsiyələr də təqdim ediblər. Onların ortaq mesajı bu olub ki, sosial şəbəkə istifadəsində balansı qorumaq, bədii ədəbiyyata yönəlmək, fiziki fəaliyyətlə məşğul olmaq və insanlara faydalı məzmunlar paylaşmaq bu vəziyyətdən çıxış yollarından biridir.
Verilişdə neyrocərrah Bəhruz Eyvazov vurğulayıb ki, daimi stress, depressiya və psixoemosional yüklənmələr insan ömrünü qısaldır. Onun sözlərinə görə, müasir insan gün ərzində yüzlərlə neqativ informasiya ilə üz-üzə qalır ki, bu da beyində qorxu və təşvişi artıran kortizol və adrenalin hormonlarının yüksək səviyyədə qalmasına səbəb olur. Bu vəziyyət orqanizmi daimi gərginlikdə saxlayır və cihazın həddindən artıq işlədiyi zaman tez sıradan çıxması kimi, insan bədəni də erkən yorğunluq və xəstəliklərlə qarşılaşır.
Bəhruz Eyvazov qeyd edib ki, texnologiyanın və informasiyanın bolluğu müasir insana həm müsbət, həm də mənfi təsir göstərir. Belə ki, informasiya əlçatanlığı cəmiyyəti irəli aparsa da, eyni zamanda insanın psixoloji tarazlığını poza bilər. Gərginliklə yaşayan insanlar sosial şəbəkələrdəki saxta lüks həyatlar, neqativ paylaşımlar və reallıqdan uzaq görüntülərlə özlərini daim müqayisə edirlər və bu da onların özlərinə inamını azaldır, depressiyaya sürükləyir.
Neyrocərrahın tövsiyəsi budur:
Sosial şəbəkələrdən müəyyən fasilələrlə uzaq durmaq,
Bədii ədəbiyyat oxumaq,
İdmanla məşğul olmaq
və ən əsası insanlara faydalı, pozitiv dəyər verən məzmun paylaşmaq.
Verilişdə həmçinin qeyd olunub ki, bəzi “bloggerlər” kütlə psixologiyasını istifadə edərək, neqativ məzmunlarla viral olmaq məqsədi güdürlər. Bu isə cəmiyyətin ümumi psixoloji durumunu daha da pisləşdirir. Halbuki xoş, pozitiv paylaşımlar insanlarda sakitlik və ümid yarada bilər. Müzakirədə belə nəticəyə gəlinib ki, sosial şəbəkələrdə fəaliyyət göstərən hər bir şəxs – istər bloqer, istər media nümayəndəsi, istərsə də adi istifadəçi – öz paylaşımının cəmiyyətə təsirini dərk etməli, məsuliyyətli informasiya paylaşımına üstünlük verməlidir. Çünki cəmiyyətin emosional və psixoloji durumu hər bir fərdin informasiya seçimindən və paylaşım mədəniyyətindən birbaşa asılıdır.